“Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsi başa çatdı

“Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsi başa çatdı Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində keçirdiyi “Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsinin super-finalı keçirilib. Tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, oyunun iştirakçılarının hər biri müsabiqənin müxtəlif mərhələlərinin qalibləridir və bu oyun onlar üçün böyük əhəmiyyət kəsb edir. “Siz öz biliyiniz, bacarığınız, azərbaycanlı olmaqla öz müsbət keyfiyyətlərinizi nümayiş edərək, ölkədə baş verən müsbət dəyişiklikləri, ölkənin tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti haqda bilgiləriniz sayəsində bu gün qalibiyyətə nail olursunuz”. Nazir müavini qeyd edib ki, “Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsində 231 mindən çox insan iştirak edib və onların iştirak etdiyi oyunların sayı 8 milyonu ötüb“. Bunun özü böyük rəqəmdir və müsabiqəyə olan marağın göstəricisidir”,- deyə o qeyd edib. “Mən Azərbaycanlıyam” layihəsinin müəllifi Üzlüfət Qasımova öz növbəsində bildirib ki, bu layihənin TV variantı artıq dörd ildir ki, Rabitə və İnformasiya Texnologiyaları və Gənclər və İdman nazirliklərinin dəstəyi ilə “AzTV” kanalında yayımlanır. “Bu il Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə müsabiqənin onlayn versiyası təşkil olunub və altı ay davam edib. Müsabiqədə dünyanın istənilən ölkəsində yaşayan insanlar iştirak edə bilər və heç də onların hamısının azərbaycanlı olması vacib deyil, onlar, sadəcə, Azərbaycan haqda məlumatlı olmalıdırlar”,- deyə o qeyd edib. Qeyd edək ki, “Mən Azərbaycanlıyam” milli bilik yarışması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə təşkil olunub və iyunun 1-dən etibarən start götürüb. Yarışmaya www.azerbaycanliyam.az veb-saytı və Facebook səhifəsi vasitəsilə qatılmaq mümkün idi. Yarışma dekabrın 1-dək davam edib və hər 10 gündən bir ilk onluğa düşən iştirakçıların hər birinə netbuk, ilk yüzlüyə düşənlərə mobil operatorların 10 manatlıq danışıq kartları, ayın qaliblərinə isə iPhone və iPad təqdim olunub. Sonda müsabiqənin super-finalının üç qalibi müəyyən edilib. Birinci yerin qalibi (5 min manat mükafat) Əşrəf Paşabəyli, ikinci yerin (3 min manat)- Amid Məmmədov, üçüncü yerin (2 min manat) qalibi isə Rəfail Əliyev olub.

Sosial şəbəkələrdə yayımla