MAG Turanə
Publika.Az-ın növbəti gözəl xanım qonağı Gənclər və İdman Nazirliyi ilə MZ production-nun birgə layihəsinin hazırladığı MAG verilişinin aparıcısı Turanə Hüseynlidir. Gənc aparıcı sevənlərini maraqlandıran sualları cavablandırıb. 
 
      Gəncliyin özü gözəllik deməkdir
 
- Digər aparıcılardan fərqlənirsiniz və efirə çıxmağınıza baxmayaraq, makiyajdan demək olar ki, istifadə etmirsiniz. Layihənin rəhbələri belə qayda qoyub? 
- Yox, belə bir qayda qoyulmayıb. Bu, bizim özümüzdən asılıdır. Nə bacım, nə də mən özümüzdən böyük görünməyi xoşlamırıq. Həmişə təbiiliyə üstünlük verirəm. Çox az hallarda istifadə edirəm çünki ehtiyac duymuram. Gəncliyin özü gözəllik deməkdir. Onsuz da müəyyən yaşdan sonra makiyajdan bol-bol istifadə edəcəm. İndidən istifadə etməyin mənası yoxdur. 
 
- Buruq saçlı xanımlar çox zaman onları düzləşdirmək həvəsində olurlar. Düz saçları olanlar isə əksinə.
- Mənim elə bir düşüncəm olmayıb. Çox nadir hallarda saçlarımı düzləşdirirəm. Onu da dostlarımın təkidi ilə etmişdim. Çünki məni həmişə buruq saçlarda görürlər və onlara maraqlı gəlir. Düzləşdirəndə özümü saçlarıma xəyanət etmiş kimi hiss edirəm. Öz saçlarımı sevirəm, Allahın insana bəxş etdiyi gözəllik sonradan qazanılan gözəllikdən daha üstündür.
 
- Hansı geyim üslubunu sevirsiniz və ən çox müraciət etdiyiniz markalar hansılardır? 
- Tam idman və tam klassik üslubu sevmirəm. Qarışıq geyim üslubuna üstünlük verirəm. Hündürdaban ayaqqabıları isə qətiyyən sevmirəm. Baletkaları, idman ayaqqıbılarını çox sevirəm. Gənclərimizin çoxunun müraciət etdiyi şəhərdəki mağazalardan alış-veriş edirəm. Koton, Zara, Pull and Bear, NeW Yorker və.s
 
- Qarderobunuzda ən sevimli əşyalar hansılardır?
- Xüsusi bir kolleksiyam yoxdur. Amma şarflarım və eynəklərim çoxdur. Əvvəllər eynək taxmağı sevmirdim və gözüm zəif olduğu üçün taxmaq məcburiyyətində qalırdım. Sonra isə həvəsim yarandı. Hətta eynəklərin şüşələrini çıxarıb da istifadə edirəm.
 
- Hansı geyimləri heç vaxt geyinmərsiniz?
- Yəqin ki, çox açıq-saçıq geyimləri heç vaxt geyinmərəm. Çünki bu mənim tərzimə daxil deyil.
 
- Yəni, tənqidi yanaşırsınız?
- Hər bir insanın öz fikri var və azad seçimdir. İnsanları mühakimə etməyi sevmirəm.
 
- Kişilərin hansı hərəkəti sizin diqqətinizi çəkə bilər, yəni onda hansı xüsusiyyətlər olmalıdır?
- Mənim diqqətimi çəkmək çətindir. Xüsusi və qeyri-adi nəsə etsə belə, diqqətimi çəkmək mümkün deyil. Kimisə sevsəm, məni də ancaq sevdiyim insan təəccübləndirə bilər. Bunu necə edəcəyi isə onun özü bilər.
 
- Sizi təəccübləndirmək çətindirsə, aldatmaq da çətindir?
- Yox, deməzdim. Son zamanlar çox tez-tez aldanıram. İstər yaxın bildiyim insanlar tərəfindən, istərsə də yad insanlar tərəfindən yalanlar eşidirəm. Amma bunu problemə çevirmirəm. Həyatda hər şey olur.
 
- Bu sizi narahat etmir və qarşılığında heç bir cavab vermirsiniz?
- Kinli insan deyiləm və ürəyimdə həmin insana qarşı qəzəb gəzdirmirəm. Eyni zamanda unutqan da  deyiləm. Onların bu hərəkətinin səbəbinin və istəmədən olduğunu düşünürəm. Amma həmin insanları həyatımda saxlamıram. Mənə haqsızlıq edən insanları Allaha tapşırıram. Allahın məni qoruduğunu həmişə hiss etmişəm və həmin insanın sonradan cəzasını çəkdiyinin şahidi olmuşam. Bir müddət keçdikdən sonra səhvlərini başa düşüb etdiklərinə görə gəlib üzr istəyirlər.
 
     Deməli, Allah var ki, onu inkar edirlər
 
- Allahın sizi qoruduğunu hiss edirsiniz. İslam dinin qaydalarına əməl edirsiniz və namaz qılırsınız? Çünki son zamanlar gənclərin çoxu Allaha inanmır və atesit olurlar. 
- Müsəlmanam və İslam dinini qəbul etmişəm. Mümkün qədər riayət etməyə çalışıram. Lakin tam dərk etmədiyim şeyləri etməyi sevmirəm. Məsələn, mən namazı düzgün qaydada qılmayıb bütün şəkildə yerinə yetirməyəcəmsə, bu işi etməməyə üstünlük verirəm. Bəli, təssüflər olsun ki, son zamanlar bu dəb halını alıb. Bu da diqqət çəkib daha cəlbedici görünmək istəyindən irəli gəlir. Ümumiyyətlə, olan bir şeyi inkar edirlər. Deməli, Allah var ki, onu inkar edirlər. Mən o insanlara başa düşmürəm. Hər halda özləri bilər. 
 
  Hərdən yola getməsək də, bacımı dünyalar qədər çox istəyirəm
 
- Bacınızla birlikdə eyni veriliş aparıcısı olmaq çətin deyil ki? 
- Yox, çətin deyil. Əvvəllər çox qarışıq bir duyğu idi. 18 il ərzində bizim tamamilə ayrı-ayrı mühitlərimiz olub. Onun maraqları, dostaları, həyat tərzi ilə mənim həyat tərzim çox fərqli olub. Bizim eyni verilişi aparmağımız da çox təsadüfi olub. İlk dəfə ofisdə qarşılaşanda bir-birimiz görəndə şoka düşmüşdük. Bizim tanış olduğumuzu soruşdular və cavab verdik ki, biz bacıyıq. Bacım çox narahat olmuşdu. Mənim üçünsə eyni verilişdə bacımla birlikdə işləməkdə heç bir problem yox idi. Amma evdə aramızda mübahisə olanda bu işə də müəyyən qədər təsir edir. Hərdən yola getməsək də, bacımı dünyalar qədər çox istəyirəm. 
 
- Səhv etmirəmsə, Bakı Dövlət Universitetində Biologiya fakültəsində oxuyursunuz. Aparıcılığa həvəs hardan yarandı? 
- Bəli, BDU-nun biologiya fakültəsinin tələbəsiyəm. Həkim olmaq istəyirdim lakin bu istəyim baş tutmadı. Aparıcılığa həvəsim isə incəsənətlə bağlıdır. Çünki uşaqlıqdan incəsənətə böyük marağım olub. 7 il skiripka, pianino dərsləri almışam, xora, həmçinin 8 il rəqsə getmişəm. Rəssamlıq və heykəltəraşlıqdan da dərslər almışam. 
 
- Çox maraqlı uşaqlığınız olub. Evdən məcbur edirdilər, ya öz istəyinizlə gedirdiniz?
- Hər sahə ilə maraqlanmaq istəyirdim və öz həvəsim olub. Rəngli, qaynar uşaqlıq həyatım olub. Müxtəlif festivallarda və dövlət tədbirlərində iştirak etmişəm. Səhnə, işıqlar məni özünə çəkirdi və aparıcılığa maraq var idi. Özümü efirdə rahat hiss edirəm, verilişdə aparıcılıq etmək mənim mənəvi rahatlığımdır.
 
- Biologiya fakültəsinə niyə daxil oldunuz? 
- Həqiqətən qəribə oldu. Çünki qarşımda 3 ixtisas var idi: Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsnət Universiteti  və Milli Konservatoriya. Mən isə dördüncü seçdim. 
 
- Universiteti bitirdikdən sonra hansı sahəni seçəcəksiniz? 
- Biologiya müəlliməsi olmayacam, buna böyük hövsələ tələb olunur. Mənim isə uşaqlara dərs izah etməyə səbrim çatmaz  çünki hövsələsiz insanam. (Gülür) Aparıcılığı davam etdirməyi düşünürəm. Öz üzərimdə işləyib daha yaxşı və peşəkar olmağa çalışacam. 
 
- Apardığınız verilişdə gənclərin marağını yetəri qədər təmin edib və bütün problemlərini işıqlandıra bilirsiniz?
- Bütün gənclərin maraqlarını təmin etmək üçün bütöv komanda şəklində çalışırıq. İdmana, elmə, kitaba, dəbə, geyimə, incəsənətə və.s marağı olan hər gəncə onların informasiya ala biləcəyi və bu sahədə uğur qazanmış gəncləri örnək göstəririk. Müxtəlif sujetlər hazırlanır, studiyamızda peşəkar qonaqlar gəlib öz fikir və məsləhətlərini verirlər. Hətta təkcə Bakıdakı gənclər yox, bütün bölgədəki və xaricdə yaşayan azərbaycanlı gənclər də MAG-da özlərini tapa bilirlər. 
 
- Tək veriliş aparmağı düşünürsünüz və necə bir veriliş olmalıdır?
- Bu barədə heç düşünməmişəm. Çünki MAG-dan sonra öz üzərimdə ciddi işləməyi düşünürəm. Peşəkarlaşandan sonra isə fərqi yoxdur. Amma çox istərdim ki, yeni, fərqli və yararlı bir layihədə olum. Tam əminliklə deyə bilərəm ki, şou-biznes və bu kimi mənasız işlərə aid layihələrdə olmaq istəmirəm.
 
     Hərdən sevginin mövcudluğuna inanmıram
 
- Əlinizdə ki, kitan diqqətimi çəkdi. (Frederik Beqbeder “Məhəbbət 3 il yaşayır”)Sevginin ömrü nə qədərdir? 
- Mənə də kitabın adı maraqlı gəlmişdi. Amma razı deyiləm. Məncə, sevginin ömrü daha az olur. Aylarla, həftələrlə, hətta günlərlə… Sevgi anlayışı çox dayazlaşıb. Hərdən sevginin mövcudluğuna belə inanmıram. Sevgi anlayışı o qədər bəsitləşib ki, sevgi deyəndə insanların ağlına ilk olaraq qız və oğlan arasındakı münasibətlər gəlir. Halbu ki, sevgi Allaha, ailəyə, dosta, işə və hər xırda bir şeyə ola bilər. Seviginin ömrünün qısa olmasının düşünməyimin əsas səbəbi insanların bir-birinə az maraqlı olmasıdır. Hər şey elə sürətlə inkişaf edir ki, insanlar (qız, oğlan) bir-birindən çox tez və asanlıqla soyuyur. Daim yeni axtarışda olur. Nələrsə qane etmir, nələrsə çatmır. Düzü, baş aça bilmirəm…
Sosial şəbəkələrdə yayımla