"MZ Production"- rəhbəri Üzlüfət Qasımova ilə müsahibə

«MZ Production» şirkətinin banisi Üzlüfət Qasımova televiziya, uğurlu layihələr və sadiq işçilər barədə

Prodüser mərkəzinin yaradılması asan iş deyil. Öz şirkətinizin yaradılmasına qədər hansı yolu keçmisiniz?

- Mən müxtəlif yerlərdə işlədiyim üçün, artıq bu sahədə təcrübəm vardı. 1998-2000-ci illərdə “İnternyus Netvork” Təşkilatında direktor müavini işləyirdim. Bu təşkilat telekanallar üçün seminarlar təşkil edirdi və bu seminarlara xarici peşəkar mütəxəssislər  cəlb olunurdu. Eyni zamanda insanları xarici ölkələrə təcrübə mübadiləsinə göndərirdilər. Mən özüm də dəfələrlə xarici ölkələrdə səfərlərdə olmuşam.

2000-ci ildə “Space” telekanalında İctimai-Siyasi Proqramlar Departamentinin baş prodüseri vəzifəsində işə başladığım zaman mən artıq bu sahədə özümə güvənirdim və düşünürdüm ki, bu işi yaxşı bacarıram. Amma praktikada tamam başqa vəziyyətlə qarşılaşdım. Bu cür gərgin iş rejimində çalışan və sayca da böyük olan kollektivdə təkcə işi bilmək kifayət deyil. Bununla yanaşı insanlarla ünsiyyət qurmaq, idarəetmə, təşkilatçılıq bacarıqları da yüksək səviyyədə olmalıdır. İlk günlərdə bu xeyli gərginliyə səbəb olurdu. Amma bu uzun sürmədi.

Bir il sonra mən elə həmin kanalda Gənclər Departamentini yaratdım. Bu, mənə ətrafıma çox uğurlu və bacarıqlı gənclər cəlb etməyə imkan verdi. Mənim vəzifəm sadəcə onların ideyalarını reallaşdırmaq üçün zəruri olanı etmək idi. Bu gün də bunu edirəm. Etiraf edim ki, hər zaman məndən daha bacarıqlı, daha peşəkar insanlarla işləmək istəyirəm. Hesab edirəm ki, öyrənmək kimisə öyrətməkdən daha asandır.

2006-cı ildə vəziyyət elə dəyişdi ki, mən televiziyadan getməli oldum, havadan asılı vəziyyətdə qaldım. Vəziyyət ona gətirdi ki, biz «MZ Production» şirkətini yaratdıq.

Bəs nə üçün məhz «MZ Production»?

- Ədliyyə Nazirliyində qeydiyyatdan keçərkən məlum oldu ki, əvvəlcədən düşündüyümüz adların hamısı artıq mövcuddur. Vəziyyətdən çıxmaq lazım idi. Ona görə də yoldaşıma təklif etdim ki, şirkətin adında uşaqlarımızın adlarının baş hərflərini istifadə edək - Murad və Zemfira. “MZ Production” belə yarandı.

İşinizin uğurlu olması üçün sizə əvvəlcə nə lazım oldu?

- Televiziya elə biznesdir ki, burda təkcə yaxşı ideya və ya peşəkar işçilərin olması yetərli deyil. Peşəkarların öz ideyalarını reallaşdırması üçün müasir standartlara cavab verən texnika lazımdır. Texnikanın dəyəri isə çox ciddi rəqəmlərlə ölçülür. İcarəyə götürülən texnika bizim üçün kifayət deyildi, inkişaf edə bilmirdik. Ona görə də müəyyən dövr ərzində zəruri texniki bazanı əldə etmək əsas prioritetə çevrildi. Hal-hazırda bizim bütün layihələrimiz “MZ”-nin texniki bazasında istehsal olunur. 300 kv.m sahəsi olan çəkiliş studiyamızda işıq, səs avadanlığından başlayaraq «HD» formatda «STS»-ə qədər əldə edə bilmişik.

Yerli telekanallarla əməkdaşlıq necə başladı?

- Telekanalların çoxu məni artıq köhnə işimdən tanıyırdılar, tanımayanlar da  əvvəlllər həyata keçirdiyim layihələri gördülər. İlk olaraq ANS-lə əməkdaşlığa başladıq. Əməkdaşlığımız hələ də davam edir. Bundan əlavə, elə ilk ilimizdə İTV ilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə böyük bir layihə “Vətən Sağ Olsun” layihəsini həyata keçirdik. Demək olar ki, bu beş ildə kanalların çoxu ilə böyük layihələrimiz olub. İndi əsas tərəfdaşlarımız AzTV və ANS kanallarıdır.

Ən uğurlu layihələrimiz bunlar olub:

  •  “BAL BALAM” valideyn klubu,  -  2007-2008-ci ildə, UNİCEF, P&G(Pampers) Şirkətlərinin dəstəyi ilə ,ANS TV
  • “Vətən Sağ Olsun” hərbi reality-şou, 2008-2009-cu illgr, AGİN, DİN Daxili Qoşunları, Sərhəd Xidməti və BEKO-nun dəstəyi ilə, İTV
  •  “Pit Stop” avto-şou, 2008–2010-cu illər, AzTV
  •  “İstehlakçının Dəyərli Vaxtı” uduşlu oyun, 2010-2011-ci illər, Vergilər Nazirliyinin sifarişi ilə, İTV
  • “Mənim balam” Valideyn klubu, 2010-2011-ci illər, ATV
  • “Gündən Günə” tolk-şou, 2011-2012, Xəzər TV
  • “Sağlıq olsun” Elmi-kütləvi proqram, 2008 – davam edir, ANS
  •  “Mən Azərbaycanlıyam” Milli Bilik Yarışması, 2009 – davam edir, AzTV, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə
  •  MAG – Gənclər proqramı, 2012 – davam edir. AGİN-nin dəstəyi ilə. AzTV

Bu layihələrin arasında seçkilik etmək istəməzdim, amma məncə ən uğurluları “Mən azərbaycanlıyam” və “MAG” layihələridir. Uğursuzluqlarımız da olub, amma ötən 5 ilə nəzər yetirəndə görürük ki, həmişə az-az da olsa inkişafa doğru irəliləyiş olub.

Çətin vaxtlarınızda sizə kim kömək edir?

- İlk növbədə həyat yoldaşım. Çox sağ olsun ki, 10 ildir ki ailə həyatında, 5 il də biznesdə mənə dözür. Sonra, sözsüz ki, kollektiv. Mənimlə işləyən insanlara hər zaman minnətdaram ki, onlar «MZ»–ni seçiblər.

Öz işinin öhdəsindən gəlmək üçün hansı peşəkar vərdişlər olmalıdır?

- Hər yeni layihə sıfırdan başlanan yeni bir işdir. Sən layihənin birində uğur əldə edə, digərində isə tam iflasa uğraya bilərsən. Mənim üçün hər yeni layihəni başlamaqda ən çətin mərhələ aparıcını tapmaqdır. Bir də həmişə çalışıram ki, hər layihənin komandası peşəkar olmaqla yanaşı, xasiyyətcə də bir–birinə uyğun olsunlar.

İşçilərin seçimi necə aparılır? Kollektivi sonra necə idarə edə bilirsiniz? 

– Yaxşı işçi həm peşəkar, həm də müsbət insani keyfiyyətlərrə malik olmalıdır.  Bu, biznes üçün ən böyük uğurdur. Bir də, daha bir həssas məqam – yaxşı işçi həmişə şirkətə sadiq olmalıdır. Rəhbər üçün ən vacibi odur ki, kiminlə işlədiyindən arxayın olsun.

Qətiyyətli olmaq çox vacibdir, düzdür, bu mənim zəif tərəfimdir. Bəzən vaxtında lazimi qərar verə bilmirəm və çox güzəştə getməli oluram. Sonda da bunun ən ağır zərbəsi elə mənim özümə dəyir.

Sosial şəbəkələrdə yayımla